Din

Islam haqqında

İslam (ərəb. الإسلام‎‎, əl-‘islām) — monoteist dinlərdən biri.

“İslam” adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:
  1. sülh (salam da bu kökdəndir);
  2. boyun əymək, itaət etmək (Allaha təslim olmaq).

İslam yeganə Allaha (ərəb. الله‎‎) itaət etmək deməkdir.

İslamın əsas ehkamı tövhidnübuvvət və məaddır.

  • Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.
  • Nübuvvət sonuncusu Məhəmməd peyğəmbər olmaqla 124 000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə, kitablara və bu kitablardan sonuncusunun Qurani-Kərimolduğuna iman gətirməkdir. İslamın şiə məzhəbində hər bir peyğəmbər kimi, Məhəmməd peyğəmbər üçün də Allah tərəfindən təyin olunan canişinlərin — 12 imamın haqq olduğuna iman gətirilməlidir.
  • Məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.

İslam dinini qəbul edənlər müsəlman adlanırlar.

Müsəlmanlar, Allahın buyurduqlarını və İslamın müqəddəs kitabı Qurandan və İslamın peyğəmbəri Məhəmmədin etdiklərini sünnə öyrənib, özlərinə örnək götürürlər.

Müsəlmanlar hər gün 5 vaxt namaz qılmalı, Ramazan ayının orucunu tutmalı və müstəti olanlar (yəni maddi və fiziki imkanı olanlar) ömürlərində heç olmasa bir dəfə Həcc ziyarətinə getməlidirlər. Bundan başqa müsəlman islami vergiləri — xums və zəkat, eləcə də fitrə zəkatı verməlidir. Ümumiyyətlə, İslam qanunları tələb edir ki, hər bir müsəlman böyük günahları tərk eləsin.

İslam dünyanın ən geniş yayılmış ikinci böyük dini[2] və sürətlə yayılan dinlərdən biridir. [3] Dünyada təqribən 1 milyard 720 milyona yaxın müsəlman yaşayır.[4] Əksər müsəlmanlar İslamın iki cərəyanından birinə mənsubdur; bunların 85-95% sünni, 5-15% şiədir.[5] [6]Müsəlmanların təxminən 13%i ən böyük müsəlman ölkəsi olan İndoneziyada yaşayır [7], 25% Cənubi Asiyada [8], 20% Yaxın Şərqdə [9], 2% Orta Asiyada , 4% Cənub-şərqi Asiya ölkələrində və 15% Afrikada. İslam – üç dünya dinindən biridir. İslam icmaları 120-dən çox ölkədə var. Onlar 1,2-1,5 milyard insanı birləşdirir. 35 ölkənin əhalisinin çoxu müsəlmandır. İslam 28 ölkənin rəsmi dinidir.