Yaşanmış Hekayələr

Kitabla,dünyaya baxışınız dəyişsin.

1970-ci illərdə Çinin Hunan şəhərində iki il müddətində gimnastika ilə məşğul olmuşdum. Birinci sinifdə oxuyanda atletika məktəbinə köçürülməyim üçün bütün xərclərin dövlət tərəfindən ödənəcəyi təklifini aldım. Ancaq aslan anam “Yox” dedi. Valideynlərim mənim də onlar kimi mühəndis olmağımı istəyirdilər. Mədəni İnqilabdan sonra yaranan bir inam idi ki, yaxşı gəlirli və təhlükəsiz iş xoşbəxtliyə gedən tək yoldur. İşimi sevib-sevməməyim elə də vacib deyil. 

Lakin mənim arzum Çin opera müğənnisi olmaq idi. Bu şəkildə xəyali pianinomu çalıram. Opera müğənnisi olmaq üçün gənc yaşlardan akrobatika ilə məşğul olmaq lazımdır. Mən də opera məktəbinə gedə bilmək üçün əlimdən gələni etdim. Hətta məktəb müdirimizə radio şou hazırlaması üçün məktub da yazdım. Ancaq böyüklər mənim fikrimi bəyənmədilər. Ciddi olduğuma heç kəs inanmadı. Ancaq dostlarım mənə dəstək olurdu ki, onlar da mənim kimi gücsüz uşaqlar idilər. Beləliklə, 15 yaşıma çatanda məşq etmək üçün gec olduğunu başa düşdüm. Arzum heç vaxt reallaşası deyildi. Həyatımın sonuna kimi ikinci sinif xoşbəxtliyin əldə edəcəyim tək xoşbəxtlik olacağından qorxurdum. 

Ancaq bu ədalətsizlik idi. Başqa bir yol tapmağa qərar vermişdim. Mənə yol göstərəcək heç kəs yoxdur? Eybi yox. Kitablara müraciət etdim. 

Valideyn məsləhətini əvəz etmək üçün musiqiçi ailəsi tərəfindən yazılan bu kitaba müraciət etdim. [“Fou Lei ailəsinin yazışmaları.”] 

Konfutsi ənənəsi qadından mütilik tələb etsə də azad qadın modelini bu əsərdən götürdüm. [“Jen Eyr.”] 

Bu kitabdan bacarıqlı olmağı öyrəndim.[ “Düjünü daha ucuz” əsl adı: “Cheaper by the Dozen”] 

Bu kitablar məni xaricdə oxumağa həvəsləndirdi.  [“Sanmao-nın əsərləri toplusu” (digər adı Echo Chan)] [“Tarixdən çıxarılan dərslər” yazıçı: Nan Huaijin] 

1995-ci ildə ABŞ-a gəldikdə ilk hansı kitabları oxudum? Əlbəttə ki, Çində qadağan olunmuş kitabları. “Bərəkətli Torpaq” çinli kəndli həyatı haqdadır. Propaqanda üçün heç bir faydası yoxdur. Başa düşürəm. Bibliya maraqlıdır, bir az da qəribə. (Gülüş) Bu başqa günün mövzusudur. Ancaq beşinci ehkam mənə aydınlıq gətirdi. Ehkamda “Ata və anana hörmət edəcəksən.” deyilir. Fikirləşdim ki, “Hörmət” ” İtaətdən fərqli və daha yaxşıdr.” Bu yolla mən Konfutsiçilikdəki günahkarlıq hissindən qurtulub valideynlərimlə münasibətimi yenidən qurmağıma şans qazandım. 

Yeni mədəniyyətlə üzləşməyim mənə oxuduqlarımı müqayisə etmək imkanı da verdi. Bu sizə çox şey öyrədə bilər. Məsələn, bu xəritə ilk başda mənə qəribə göründü, çünki Çində biz bu xəritəni öyrənərək böyüyürük. Heç vaxt fikirləşməmişdim ki, Çinin dünyanın mərkəzində olmağı şərt deyil. Əslində, xəritə dünyaya baxışı göstərir. Müqayisəli mütailə yeni bir şey deyil. Bu elm dünyasında standart bir praktikadır. Hətta, burada müqayisəli din və müqayisəli ədəbiyyat kimi elm sahələri də var. 

Müqayisə və qarşılaşdırma alimlərə mövzunun tam anlaşılmasında kömək edir. Mən də fikirləşdim ki, müqayisəli mütailə tədqiqat üçün işə yarayırsa, niyə də gündəlik həyatda yaramasın? Beləliklə, kitabları cütlüklər halında oxumağa başladım. Deyək ki, eyni hadisədə iştirak etmiş insanlar [“Benjamin Franklin” yazıcı: Walter Isaacson][“John Adams” yazıçı: David McCullough] və yaxud eyni əhavalatın hissəsi olmuş dostlar haqda olsun. [“Şəxsi Tarix” yazıçı: Katharine Graham] [“Qartopu: Warren Buffett və Həyat adlı İş” yazıçı: Alice Schroeder] Mən bir hekayəni bir neçə janrda müqayisəli oxumağı da sevirəm- [Müqəddəs Bibliya: Kral James Versiyası] [“Qoyun” yazıçı: Christopher Moore] Yaxud Joseph Campbell-in öz gözəl əsərində etdiyi kimi eyni hekayələrin müxtəlif mədəniyyətlədə təsviri.[“Mifin Gücü” yazıçı: Joseph Campbell] Misal üçün; İsa peyğəmbər və Budda hər ikisi 3 cazibədən boyun qaçırmışdılar. İsa peyğəmbər üçün bunlar iqtisadi, siyasi və ruhi idi. Budda üçün maraqlıdır ki, bunlar hamısı psixoloji idi: ehtiras, qorxu və sosial öhdəlik. 

Xarici dil bilirsinizsə sevdiyiniz kitabları iki dildə oxumaq da maraqlıdır. [“Chuang Tzu Yolu” yazıçı: Thomas Merton][“Tao: Su axarı” yazıçı: Alan Watts] Tərcümədə mənanın itməsini deyil, başqa maraqlı faktları aşkar etdim. Məsələn, tərcümələrin köməyi ilə başa düşdüm ki, Çin dilində xoşbəxtlik hərfi mənada “sürətli sevinc” deməkdir. Çin dilində gəlin sözü “yeni ana” kimi ifadə edilir. Bəli!

Kitablar keçmiş və indiki zamandakı insanlarla əlaqə saxlaya bildiyim sehrli portal rolunu oynayır. Bir daha heç vaxt yalnız yaxud gücsüz olmayacağımı bilirəm. Arzunuzun reallaşmaması digər insanların çətinlikləri ilə müqayisədə heçnədir. İnanmağa başlamışam ki, arzunun tək məqsədi reallaşmaq deyil. Arzunun əsas məqsədi arzuların, həvəsin və xoşbəxtliyin yarandığı nöqtə ilə əlaqə saxlamağımızı təmin etməsidir. Reallaşmamış arzu da bunu etməyə qadirdir. 

Kitablara görədir ki, bu gün mən xoşbəxtəm. Və çox vaxt da aydın bir məqsədlə yaşayıram. Sizə də “Kitablar həmişə sizinlə olsun!” deyirəm. 

Mirzə Kazım bəy

Azərbaycan xalqı özünün dünyanın elm aləmində ad çıxarmış dahi alimləri ilə həmişə fəxr etmişdir və yenə də fəxr edə bilər. Onlardan biri də Mirzə Məhəmmədəli Kazım bəydir. Bu böyük alimin siyasi, fəlsəfi və hüquqi məsələlərə dair əsərləri Şərq və Qərb elm aləminin qızıl fonduna daxil olmuşdur. Ruslar professor Mirzə Kazım bəyi özlərinin qabaqcıl ictimai fikrinin görkəmli nümayəndəsi hesab edirlər. Rusiyanın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın , Hollandiyanın və ABŞ-ın elmi cəmiyyətlərinin adlı-sanlı üzvü olmuş Mirzə Kazım bəy elm aləmində tarix, fəlsəfə, siyasət, hüquq , Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatını tədqiq edən, islamın və müsəlman hüquq elminin böyük bilicisi kimi tanınmışdır. Vətəndən uzaqlarda yaşamasına və yazıb yaratmasına baxmayaraq həmişə doğma Azərbaycana bağlı olmuş, onu ömrünün axırınadək ürəkdən sevmişdir.

Mirzə Kazım bəyin atası Hacı Məhəmməd Qasım Kazım bəy məşhur qubalı Fətəli xanın hakimiyyəti dövründə onun maliyyə işləri üzrə naziri olmuş, 1807-20-ci illərdə Dərbəndin şeyxülislamı kimi fəaliyyət göstərmişdir. Məhəmməd peyğəmbərin adı ilə bağlı olan müqəddəs yerlərə ziyarət zamanı Rəştin qubernatoru Mirbağır xanın qızı ilə evlənmişdi. Mirzə Kazım bəy 1802-ci il iyunun 22-də Rəşt şəhərində doğulmuşdur. O, 9 yaşında ikən anası ilə birlikdə Rəştdən Dərbəndə atasının yanına getmişdi. Hələ uşaqlıqdan elmi biliklərə dərin maraq göstərən Kazım bəy atasının köməyi ilə müsəlman məzhəbinin tam kursunu bitirmiş, Azərbaycan, tatar, fars dillərini mükəmməl öyrənmişdi. O, eyni zamanda ərəb, rus və türk dillərinə də dərindən yiyələnmişdi. Kazım bəy 17 yaşında ikən özünün ərəb dilində ilk əsərini yazmışdı. Əsər “Ərəb dilinin qrammatikası təcrübəsi” adlanırdı. Atası oğlu Məhəmmədəlinin dərin zəka sahibi olduğunu bildiyindən onu özünün gələcəyi hesab edir və buna çox sevinirdi. Xoşbəxt ata oğlunun mükəmməl islami biliklərə yiyələnməsi üçün onu İrana və Ərəbistana göndərmək arzusunda idi. Lakin bu arzusu həyata keçmədi. Onu gözü götürməyənlərin böhtanla dolu xəbərçiliyi nəticəsində çar hökuməti Hacı Məhəmməd Qasımı guya Rusiyaya İranın xeyrinə xəyanət etməsi səbəbindən şeyxülislamlıqdan kənarlaşdırdı və məhkəmənin hökmü ilə Həştərxana sürgün olundu. Şeyxülislama qarşı ədalətsizliyin bir səbəbi arvadının fars qızı olması idi.

Kazım bəy Dərbənddə yaşadığı illərdə atasının tanışlarından olan Şotlandiya xristian missionerləri ilə tanış olmuşdu. O, şotlandiyalılar ilə söhbətlərində xristian missionerlərini islamın üstünlüklərindən faydalanmağa, düz yola qayıtmağa inandırmağa çalışırdı. Kazım bəy xristianlığın mahiyyətini anlamağa çalışdığından yəhudi və ingilis dillərini öyrənməyə başlamışdı.

Məhəmmədəli atasına baş çəkməkdən ötrü 1821-ci ildə Həştərxana getmişdi. Onun bir məramı da oradan Şərq ölkələrinə getmək və təhsilini başa çatdırmaq idi. Məhəmmədəli Həştərxanda yenə də Şotlandiya missionerləri ilə rastlaşdı. O, şotlandiyalılara Şərq dillərini öyrətməyə, onlardan isə Avropa dillərini öyrənməyə başladı. Şotlandiyalılar özlərinin missionerlik əməllərinə sadiq qalaraq təcrübəsiz və fanatik müsəlman gənci yolundan döndərməyə çalışırdılar. Nəhayət ki, istəklərinə nail ola bildilər. Fanatik müsəlman Məhəmmədəli islamdan uzaqlaşdı və xristianlığın bir qolu olan presviterianlığı (İngiltərə və Amerikada protestant məzhəbinin tərəfdarlarının dinini) qəbul etdi. O vaxtdan sonra Mirzə Aleksandr Kazım bəy adı ilə fəaliyyətə başladı. Valideynləri və digər müsəlmanlar kafir saydıqları Məhəmmədəlidən üz döndərdilər. Kazım bəy Həştərxanda qaldığı dörd il ərzində ingilis, fransız, alman və qismən yəhudi dillərini öyrəndi. Sonralar altı xarici dildə yaza, oxuya və danışa bilirdi. Kazım bəyi 1824-cü ildə Avropa elmlərini mükəmməl öyrənməsi üçün İngiltərəyə dəvət etdilər. Lakin çar hökuməti ingilislərin Kazım bəydən öz xeyirlərinə istifadə edəcəklərindən qorxaraq onu ingilislərdən təcrid etmək qərarına gəldi. Qafqazda baş komandan A.P.Yermolovun raportuna əsasən o, Sibirin Omsk şəhərinin kadet korpusuna göndərildi və tatar dili müəllimi vəzifəsinə təyin olundu. Bu, əslində sürgünə göndərilmək idi. 1826-cı ilin əvvəlində Omska gedərkən yolda ağır xəstələnən Kazım bəy Kazanda dayanmaq qərarına gəldi. Kazan Universitetinin rektoru, professor K.F.Fuksun təklifi ilə onun evində qonaq oldu. Kazım bəyin istedadından heyrətə gələn professor onu şəhərin çox görkəmli adamları ilə tanış etdi və o, 1826-cı ilin oktyabr ayında Kazan alimlərinin xahişi ilə ərəb-fars dilləri üzrə lektor (baş müəllim) təyin olundu. Kazım bəy 26 yaşında ikən London Kral Asiya cəmiyyətinin həqiqi üzvü seçildi. İki il keçdikdən sonra fars dilində ərəb filologiyasına dair əsərinə görə Şərq dilçiliyi magistri dərəcəsi aldı. Sənədlərdən məlum olur ki, Kazım bəy universitetə lektor təyin olunanda rus dilini heç bilmirdi. Ona görə də rus dilini əsaslı şəkildə öyrənmək vəzifəsini qarşıya qoyan Kazım bəy çox keçmədən öz mühazirələrini rus dilində oxumağa başlamışdı. O, eyni zamanda Sədinin “Gülüstan” əsərini rus dilinə tərcümə etməyə başlamış və 1829-cu ilin sonunda başa çatdırmışdı. Kazım bəy Kazan Universitetində fəaliyyəti dövründə elmi-tədqiqat işləri ilə də ciddi məşğul olurdu. “Ərəb ədəbiyyatı haqqında mülahizələr” adlı əsərini tamamladıqdan sonra Krım xanlarının tarixinə həsr etdiyi əsəri də yazıb qurtarmışdı. Bu əsər “Əssab as-Səyyar, yaxud yeddi səyyarə” adlanırdı.

Kazım bəy Rusiyanın elm aləmində dərin bilikli alim kimi tanınırdı. Ona görə də Kazım bəy Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.

Kazım bəy böyük rus yazıçısı L.N.Tolstoyla da yaxından tanış idi. L.N.Tolstoy Kazan Universitetinə daxil olmağa hazırlaşan vaxtlar Kazım bəy ona türk və ərəb dillərini öyrənməyə kömək etmiş və nəticə uğurlu alınmışdı.

Professor Kazım bəy Kazanda yaşadığı iyirmi ildən artıq müddətdə son dərəcə səmərəli elmi və pedaqoji fəaliyyət göstərmişdi. Onun Azərbaycan dilinin öyrənilməsi sahəsində tədqiqatları xüsusi qeyd olunmalıdır. Azərbaycan dilinin elmi qrammatikasının əsas prinsiplərini Kazım bəy işləyib hazırlamışdır. “Azərbaycan dili” termininin elmi əsaslarını ilk dəfə o, vermişdir.

Brokhauz və Efronun Ensiklopedik lüğətində Kazım bəy haqqında bu sözlər yazılmışdır: “Şərqşünaslıq sahəsində dərin erudisiyası, Avropa dillərini yaxşı bilməsi Kazım bəyi həm Qərbi Avropanın, həm də Rusiyanın birinci yerdə dayanan şərqşünasları sırasına çıxarmışdır”.

1849-cu ildə Sankt-Peterburq Universitetinin rəsmi dəvəti ilə Peterburqa gedən Kazım bəy orada fars dili ilə bərabər ərəb dilini də tədris etmişdi.1850-ci ilin fevral ayında Rusiya coğrafiya cəmiyyətinin həqiqi üzvü seçilmiş, bir müddətdən sonra Şirvan və Dərbəndin qədim tarixinə dair “Dərbəndnamə” adlı çox mühüm əsərini nəşrə hazıramışdı. Təqribən 12 il ərzində ərsəyə gətirdiyi bu əsərində Kazım bəy təkcə ona məlum əlyazmalardan deyil, həm də Qərbi Avropa alimlərinin əsərlərindən də faydalanmışdı. Rusiyada və Qərbi Avropa ölkələrində geniş rezonans doğurmuş bu əsərə görə o, Peterburq Elmlər Akademiyasının çox prestijli sayılan Demidov mükafatına layiq görülmüşdü. Sonralar bu əsərə görə Kazım bəyə Britaniya kraliçasının qızıl medalı verilmişdi.

Kazım bəy Peterburq Universitetində çalışmaqla kifayətlənməyib Hərbi Akademiyanın zabit heyəti üçün türk dilindən mühazirələr oxuyurdu. O, İmperator Hərbi Akademiyasında keçilən türk dili kursu üçün dərs vəsaiti də hazırlamış və bu əsərinə görə ona növbəti dəfə Demidov mükafatı verilmişdi.

1854-cü ilin oktyabrında Peterburq Universitetinin Şərq dilləri şöbəsi fakültəyə çevriləndən sonra Kazım bəy oranın ilk dekanı seçilmişdi. Onun təklifi ilə bu fakültədə qədim ərəb, yeni ərəb, fars, osmanlı türkcəsi, Azərbaycan-türk, caqatay, monqol, kalmık, mancur, Çin, qədim yəhudi, yeni yəhudi, gürcü dili və ləhcələrinin tədrisi başlamışdı. Qərbi Avropanın heç bir ölkəsində belə bir iş görülməmişdi. Kazım bəy Şərq dilləri fakültəsində əlavə olaraq xarici əlaqələr, siyasi-iqtisad, mülki hüquq və cinayət hüququ məsələlərinin, latın dilinin və pedaqogikanın tədrisinin aparılmasına nail olmuşdu.

Həmin illərdə Kazım bəy hələ Kazanda başladığı “Quranın tam konkordansı”nı (Konkordans mətnin öyrənilməsinin çoxdan məlum olan, lakin bu vaxtadək lazımınca dəyərləndirilməyən ənənəvi öyrənilməsi üsuluna deyilir – red.) nəşrə hazırlamışdı. Kazım bəy bu əsərini 25 ilə tamamlamışdı. Xalq maarifi nazirliyinin jurnalı “Konkordans” əsərinə münasibətini belə bildirmişdi: “Bu əsərə görə həm islam aləmi, həm də bu aləmi tədqiq edən bütün ölkələrin şərqşünasları Kazım bəyə yüksək dərəcədə minnətdardır”.

Kazım bəy ərəb, fars, türk və Azərbaycan ədəbi əsərlərinin məxəzlərini və onların qarşılıqlı əlaqələrini tədqiq etmişdir. İslamın meydana gəlməsi dövründən XIX əsrin başlanğıcına qədər ərəb ədəbiyyatının, Firdovsi zamanından fars ədəbiyyatının, Nizamidən başlamış Mirzə Fətəli Axundov dövrünədək Azərbaycan ədəbiyyatının vəziyyəti böyük alimin əsərlərində öz əksini tapmışdır.

Peterburqda Kazım bəy elmi fəaliyyətini daha da genişləndirmişdi. O, həm türkologiyaya, həm də Şərqin tarixinə və onun dinlərinə dair əsərlər dərc etdirmişdi. Onlardan biri də 1854-cü ildə işıq üzü görmüş “Türk dili kursu üçün dərs vəsaiti” idi . Əsərdə türk dilinin qısa qrammatik oçerki, Osmanlı imperiyasında müxtəlif xətlərlə yazılmış mətnlər, 6700-dən artıq rus sözlərinin tərcüməsi olan türk lüğəti verilmişdi. Onun həmin il dərc etdirdiyi “Şərq dillərindəki sözlərə oxşar rus sözlərinin izahı” adlı məqalə rus lüğətində oriyentalizmlərin öyrənilməsi metodikasına həsr olunmuşdu.

Rusiyada XIX əsrin siyasi fəlsəfəsinin təşəkkül tapması Kazım bəyin adı ilə bağlıdır. Bu fəlsəfə indiyədək də öz müasirliyini itirməmişdir.

Kazım bəyin siyasi görüşləri onun “Müridizm və Şamil”, “Bab və babilər” əsərlərində əsaslı şəkildə şərh edilmişdir. “Müridizm və Şamil” Qafqaz dağlılarının çarizmin müstəmləkəçilik siyasətinə qarşı hərəkatının öyrənilməsinə böyük töhfədir. Kazım bəy bu hərəkatı xalis dini hərəkat kimi yox, siyasət bayrağı altında siyasi hərəkat kimi səciyyələndirmişdir. O, qətiyyətlə deyirdi ki, azadlıq sevən xalqları silah gücünə tabe etmək mümkün deyil. Bütün Qafqazı ancaq üç silahla- alicənablıq, təmənnasız cəsurluq və ədalət yolu ilə ram etmək olar.

Kazım bəyin Peterburqda əsir saxlanan Şamil ilə dalbadal iki dəfə görüşü onun Qafqaz dağlıları hərəkatı haqqında təsəvvürünü xeyli zənginləşdirmişdi. Şamil Kazım bəyə bir çox maraqlı əhvalatlar danışmışdı. Kazım bəy özünə xas olan uzaqgörənliklə bildirmişdi ki, dağlılar hərəkatı hələ sona çatmamışdır və istənilən vaxt yenidən qızışa bilər. Kazım bəyin İran dinlərinin tarixinə dair 1865-ci ildə nəşr etdirdiyi geniş tutumlu əsər İranda Babi üsyanlarına və bu üsyanların rəhbəri, babi təriqətinin başçısı Seyid Əli Məhəmməd Baba (Bab ərəb dilində “qapı” deməkdir) həsr olunmuşdu. Bu əsərin müqəddiməsində müəllif yazırdı ki, “islam sivilizasiyaya əngəl törədə bilən din deyildir”. Abbasilər sülaləsinin hakimiyyəti zamanı yunanların bütün maarif qaynaqlarının islam paytaxtı Bağdada köçürülməsi və oradan da sonralar bütün elm və incəsənət sahələrinin müxtəlif yollarla Avropaya yayılması faktı bunun bariz sübutudur.

Mirzə Kazım bəy Şərq haqqında dünya elminin inkişafına böyük töhfələr verməkdə aparıcı rol oynayan çox istedadlı alim olmuşdur. Onun bu sahədə yaratdığı elmi məktəbin ən yaxşı ənənələri bizim əsrimizdə də davam etdirilir. Kazım bəy dünya səviyyəli oriyentalist alim, Rusiyada şərqşünaslığın əsasını qoyan çox istedadlı elm dahisi olmuşdur.

Gecəsini gündüzünə qatıb şərqşünaslıq sahəsində əhatəli tədqiqatlar aparmaqla elmi yeniliklərə imza atan Kazım bəyin səhhəti qəflətən pisləşdiyindən onun xarici ölkələrdə müalicəyə getməsini məsləhət görmüşdülər. O, bir neçə ay Almaniyada, Paris və Londonda müalicə alan vaxtlarda da elmi tədqiqatlarını davam etdirmişdi. 1859-cu ildə Peterburqa qayıdan böyük istedad sahibi fakültədə elmi quruculuq planlarını davam etdirmək üçün var qüvvəsi ilə fəaliyyət göstərmişdi. 1869-cu il noyabrın 27-də dünyasını dəyişən unudulmaz elm fədaisi Sankt-Peterburqun Pavlovsk məzarlığında torpağa tapşırılmışdır.

Arif Məlikov

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Cahangir oğlu Məlikov 2019-cu il may ayının 9-da ömrünün 86-cı ilində vəfat etmişdir.

Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1948–1951-ci illərdə Bakı musiqi texnikumunda oxumuş, 1953–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1951–1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim kimi başlayan Arif Məlikov 1960-cı illərdən taleyini Azərbaycan Dövlət Konservatoriyası ilə bağlayaraq burada 1966–1968-ci illərdə baş müəllim, 1968–1978-ci illərdə dosent, 1979–1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışmışdır.

Arif Məlikov Azərbaycan mədəniyyəti tarixinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməsinə yeni səhifələr yazmışdır. Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı olmaqla, onun hələ tələbəlik illərindən etibarən müxtəlif janrlarda bəstələdiyi əsərlər diqqəti cəlb etmiş və musiqisevərlər tərəfindən dərin rəğbətlə qarşılanmışdır.

Bəstəkarın musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutmuşdur. Onun kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans və mahnıları məşhur sənətkarların ifasında səslənərək geniş populyarlıq qazanmışdır. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla səsləndirilməkdədir. “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi öz zəngin təcrübəsindən bəhrələnməklə gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində müstəsna xidmətlər göstərmişdir. Onun ictimai fəaliyyəti də zəngin və çoxşaxəli olmuşdur. Arif Məlikov SSRİ xalq deputatı olaraq respublikamızın ictimai-siyasi həyatında ötən əsrin son onilliklərində cərəyan edən taleyüklü hadisələrə münasibətdə daim vətənpərvər ziyalı mövqeyi nümayiş etdirmişdir.

Akademik Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilmişdir. O, bir sıra fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur.

Böyük bəstəkar, görkəmli pedaqoq, əsl ziyalı və gözəl insan Arif Cahangir oğlu Məlikovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin.